Bir qrup Naxçıvan idmançısı uğurlarına görə təltif edilib

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ölkə və beynəlxalq miqyaslı idman yarışlarda uğurlu nəticələrə nail olmuş idmaçılarla ənənəvi görüşlərdən daha biri reallaşıb. Budəfəki görüşdə “Yaşıl Azərbaycan gənclərin gözü ilə” suni intellekt həlləri ilə onlayn dizayn müsabiqəsində yer tutmuş gənclər də iştirak edib, mükafatlandrılıblar.

Gənclər və idman naziri səlahiyyətlərinin icraçısı, nazir müavini Məcid Seyidov idmançıları, müsabiqənin mükafatçılarını təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Nazir müavini ölkəmizdə idmana göstərilən dövlət qayğısından bəhs edib, bu sahənin gənclərin həyatı və karyerasındakı əhəmiyyətindən, faydalarından danışıb. Məcid Seyidov əlavə edib ki, nazirlik tərəfindən gənclərin, məşqçi və idmançıların ölkə və beynəlxalq miqyaslı tədbirlərdə iştirakına davamlı dövlət dəstəyi göstərilir. Məqsəd gənclərin şəxsi inkişafı və karyera yüksəlişinə töhfə vermək, onları motivasiya etməkdir.

Görüş iştirakçılarının uğur təəssüratları və fikirləri dinlənilib.

Sonda görüşdə iştirak edən idmançılardan boksçu Haqverdi Həsənov, atletlər Əmrah Nağıyev, Namiq Babayev, gimnastlar Aydan Hüseynli və İlay Sangur fəxri fərmanla təltif olunublar. Gimnastika məşqçisi Humay Qafarovaya təşəkkürnamə təqdim olunub. “Yaşıl Azərbaycan gənclərin gözü ilə” dizayn müsabiqəsinin qalibi Xəyalə Hüseynova, ikinci yerin sahibi Taleh Hüseynov və yarışmanın üçüncüsü Elməddin İsmayılov diplom və hədiyyələrlə mükafatlandırılıblar.